Ötən gün paytaxtın Fəvvarələr meydanında yeni restoran tikintisi üçün ərazi ayrılması haqda məlumat yayılmışdı.
Bu barədə memar Elçin Əliyev sosial şəbəkə hesabında yazıb.
“Fəvvarələr meydanında tezbazar “Burj Khalifa” restoranı üçün yeni sahə quraşdırırlar. İnsanların gəzməsinə yer heç qalmayıb!”, - o qeyd edib.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi açıqlama yayıb:
“29 mart 2024-cü il tarixində Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi və Əhməd Cavad küçəsinin kəsişdiyi (Fəvvarələr Meydanı) ünvanda qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı daxil olmuş sorğuya əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq zamanı sözügedən ərazidə özbaşına tikinti faktı təsdiqlənib”.
Bildirilib ki, sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından 29 mart 2024-cü il tarixində axşam saatlarında özbaşına tikintinin Baş İdarə və aidiyyəti qurumlarla birlikdə qarşısı alınaraq müvafiq qaydada söküntüsü təmin edilib:
“Şəhərimizin görkəminin qorunmasına biganə yanaşmadığınıza görə təşəkkürümüzü bildiririk”.