“Onun sağlığında başına toplaşan insanlar çox idi. İndi onların heç biri yoxdur. Onların çoxu sanki yox oldular”.
Bunu Modern.az-a şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova bildirib.
Şəhid xanımı bəzi tərəddüdlərini də dilə gətirib: “Sağlığında bilirdi ki, böyük oğlumuz Davud informasiya texnologiyaları sahəsinə gedəcək, istəyirdi ki, qızımız Aybəniz də diş həkimi olsun. Qızı da onun arzusunu yerinə yetirdi. Tərəddüdüm odur ki, onun sağlığında başına toplaşan insanlar çox idi. İndi onların heç biri yoxdur. Onların çoxu sanki yox oldular. Bir də baxırsan üstündən illər keçib, kimsə zəng vurur ki, “biz onun dostu idik”, evimizə gəlmək, görüşmək istəyənlər olur. Bu zaman mənə qərar vermək çətin olur. Düşünürəm ki, Polad onları qəbul edərdi, ya yox? Ancaq sonra deyirəm ki, dost ilk gündən özünü göstərməli idi. Polad Həşimovun sağlığında onun yanında olan, dəstək verən, ailəsinə hörmət edən insanlar sağ olsunlar, bu gün də bizim yanımızdadırlar”.
O.Salmanovanın “Bu gün cəmiyyətin Polad Həşimova yanaşması sizi qane edirmi?” sualına cavabı aşağıdakı kimi olub:
“Bəzi hallarda hə, bəzi hallarda yox. Ola bilsin ki, biz çox görünmürük, çox müsahibə vermirik, ancaq bu o demək deyil ki, biz yoxuq. O bir ailə başçısı idi, 3 övladı var. Biz onun ailəsiyik, varisləriyik, yolunu davam etdirən insanlarıq. Onun sevgisi, adı toxunulmazdır. Onun qazancı, o sevgidir. Şəhadətindən bu yana xalqımız Polad Həşimovun adının əbədi qorunması üçün çox gözəl addımlar atır. Adına onlarla mahnı bəstələnib, şeirlər yazılıb. Ümumtəhsil məktəblərində Polad Həşimovun xatirəsinə həsr olunmuş tədbirlər keçirilir. Ancaq bəzi addımlar da atılır ki, bundan xəbərimiz olmur.
Polad Həşimovun adının əbədiləşdirilməsi üçün təəssüf ki, bəzi şəxslər sui-istifadə edirlər. Hər kəs bilməlidir ki, Polad Həşimovun həyat yoldaşı, onun varisi var. Bizimlə məsləhət olunmalı, icazə alınmalıdır. Polad Həşimovu sevmək onun ailəsinə hörmət deməkdir. İnsanlar bilməlidirlər ki, əgər Polad Həşimovu sevirlərsə, onun adını əbədiləşdirmək istəyirlərsə, varisləri, həyat yoldaşı var, onlarla danışmaq lazımdır. Polad Həşimovu necə yaşatmaq lazımdır, ən doğrusun mən bilirəm.
Bu yaxınlarda biz gördük ki, bir QHT Polad Həşimovun adına “qızıl medal” təsis edib, bu medalı bəstəkar bir xanıma da veriblər. Qanunvericilikdə hər hansı bir şəxsin medal təsis etmək hüququ yoxdur. Biz inanırıq ki, bir gün “Polad Həşimov adına orden” dövlət tərəfindən təsis olunacaq. Cənab Prezidentin imzası ilə bu orden layiq olan insanlara veriləcək. Mən əminəm ki, dövlət tərəfindən belə addım atılsa, mütləq bizimlə danışılar.
QHT məsələsini indi həll etməyə çalışıram. Bəzi səhv gedişlər edən insanlar oldu. Ancaq ümumilikdə Azərbaycan xalqına təşəkkür edirik ki, bizə qarşı böyük sevgi, hörmətlə yanaşırlar”.
Xanımı Polad Həşimovun şəhid olduğu Tovuzun onun üçün nəyi ifadə etdiyini də açıqlayıb:
“İlk olaraq deyim ki, Tovuz son nöqtə ola bilər, ancaq bu son deyil. O şəhiddir, qəhrəmandır, hər zaman xalqın qəlbindədir. Tovuz Polad Həşimovun bu dünya ilə son nöqtəsidir. Onu orada itirmişəm, ancaq mən Tovuza getdim, yaşadım o gerçəkliyi. Düzdür, mənə dedilər ki, ora getmə, sərhəddir, yüksəklikdir. Düşünürdüm ki, onsuz da ora gedəndə halım pisləşəcək və s. Biz o yüksəkliyə qalxdıq, bir damla gözyaşı axıtmadım. Tam əksinə oldu hər şey, sanki möhkəmləndim, bəlkə orada Polad Həşimovu hiss etdim. İçimdə düşmənə qarşı çox böyük hiddət yarandı. Çünki mənim həyat yoldaşım o nöqtədə məndən alınıb. Amma bir məğrurluq gəldi içimə. Orada sınmadım, əyilmədim. Qürur hissi bütün hissləri üstələdi. Qarşı tərəfə nifrət hissi ilə baxdım. Düşündüm, Polad Həşimov gör harada Şəhid olub, ən yüksək zirvədə. Ürəyimdən keçdi ki, kaş gəlcəkdə ora əbədiləşdirilsin. Dövlətimiz bizə hər zaman öz dəstəyini göstərir. Bu istəyimizin də qarşılanacağına əminik.
Bilirsiniz, deyirlər ki, hər kəsin doğulduğu yer onun taleyidir. Ancaq bu deyim mənim taleyimə aid deyil sanki...
Niyə, bilirsiniz, çünki mənim taleyim Qarabağdır. Çünki mən həyatımı bütün omrünü Qarabağın azadlığı yolunda səfərbər etmiş bir insanla bağlamışdım. Qarabağ mənim üçün o qədər qiymətlidir ki... O torpaqlar məni özünə çəkir. Hər an həyat yoldaşımın yanında olmağıma, onun yaşadıqlarına şahidlik etməyimə rəğmən mən Qarabağa getdikdən və Tovuzdakı nöqtəyə qalxdıqdan sonra tam mənası ilə anladım ki, Polad Həşimovun mübarizəsi nədən ibarət imiş…
Və bütün bunlardan sonra özlüyümdə düşünürəm, ümid edirəm ki, həyat yoldaşımı ən gözəl şəkildə yaşatmağı bacarıram. Onun qoyduğu ənənəyə sadiqəm. Çalışıram ki, onun yarım qalmış işlərini tamamlayım.
Bu yolda ilk növbədə özümə güc-qüvvət arzulayıram. Çünki mənim görüləcək işlərim çoxdur. Ümid edirəm ki, Azərbaycan xalqı mənim durumumu başa düşür, anlayır. Bütün xalqa Polad Həşimov ailəsi adından təşəkkür edirəm. Sayğını hər addımda hiss edirik. Var olsunlar”.