Böyük Britaniyanın Avtomobil İstehsalçıları və İxracatçıları Cəmiyyəti (SMMT) bəyan edib ki, son vaxtlar Azərbaycana dəbdəbəli avtomobil ixracında artım Rusiyaya qarşı sanksiyalarla bağlı deyil.
Haqqin.Az-ın məlumatına görə, bu barədə Cəmiyyətin ötən həftə “Sky News”un araşdırmasına cavab olaraq dərc etdiyi bəyanatda deyilir.
“Sky News”un Böyük Britaniya gömrük statistikasına istinadən verdiyi məlumata görə, son iki ildə bu ölkədən Azərbaycana lüks avtomobillərin (“Range Rover”, “Land Rover Defender” və s.) ixracı 2000 (!) faiz artıb.
Telekanal İngiltərədən gətirilən lüks avtomobillərin əslində Rusiyaya göndərildiyini iddia edir.
SMMT razılaşmır: onlar iddia edirlər ki, Azərbaycana lüks avtomobil ixracının kəskin artması “ölkə iqtisadiyyatının inkişafı” və “Azərbaycanın çiçəklənən bazara çevrilməsi” ilə bağlıdır.
Britaniyanın avtomobil sektoru gömrük məlumatlarına görə, təkcə 2024-cü ilin yanvar ayında Azərbaycana 40 milyon funt sterlinq dəyərində lüks avtomobil ixrac edib. Beləliklə, Azərbaycan Böyük Britaniyanın lüks avtomobillərinin 12 ən böyük idxalçısı sırasındadır. Üstəlik, Azərbaycan siyahıda İsveçrə, Kanada və İspaniya kimi inkişaf etmiş ölkələrlə qonşudur.
Yanvarda Böyük Britaniyadan Azərbaycana göndərilən avtomobillərin orta qiyməti 115 min funt sterlinqdən bir qədər çox olub. Bu o deməkdir ki, xaricdən dahan çox lüks avtomobillər idxal olunub.
SMMT sözçüsü bildirib ki, Azərbaycana ixrac edilən avtomobillərin Rusiyaya göndərilməsi ilə bağlı heç bir sübut tapmayıb:
“Böyük Britaniya ticari və iqtisadi sanksiyalara sadiqdir və qaydaların effektiv şəkildə həyata keçirilməsini təmin etmək üçün hökumət ilə yaxından işləməyə davam edir”.