Azərbaycan əhalisinin sayı artıb, ölüm səviyyəsi azalıb - statistika

Cari ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 2 891 nəfər və ya 0,03 faiz artaraq 2024-cü il fevral ayının 1-i vəziyyətinə 10 183 661 nəfər təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Sənədə əsasən, ölkə əhalisinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Hesabatda bildirilir ki, bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8389 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,5-dən 9,7-yə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,9 faiz olub. Körpələrdən 278-i əkiz, 12-si üçəm doğulub.

Cari ilin yanvar ayı ərzində ölkədə 5518 ölüm halı qeydə alınıb. 2023-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,8-dən 6,4-ə düşüb.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin ilk ayında 3657 nikah və 1729 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,2-yə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,0-a qədər artıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ