Martın 14-ü səhər saatlarında Bakı metro stansiyalarında həmişəkindən daha çox sıxlıq yaranıb.
Təxminən saat 08:15-dən başlayaraq qatarların hərəkət cədvəli pozulub. Belə ki, qatarlar 3-5 dəqiqə stansiyaların qarşısındakı metro tunellərində dayanıblar. Nəticədə stansiyalara 5, 7 və 9 dəqiqəli gecikmə ilə gəliblər. Bu da minlərlə sərnişinin işə və dərsə gecikməsinə səbəb olub.
“Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovun Caliber.Az-a verdiyi məlumata görə, metroda vaqonlarda hər hansı texniki problem (nöqsan) və ya qrafikin pozulması baş verməyib.
“Gecikmələrə səbəb metroda sərnişinlərin sayının nəzərəçarpacaq dərəcədə artması və bəzi sərnişinlərin vaqonların qapılarının bağlanmasına mane olmasıdır. Stansiyadan stansiyaya hər belə 15 və ya 30 saniyəlik gecikmə bir-birini üst-üstə düşür və ümumilikdə, xəttdə gecikmələrə səbəb olur”, - deyən B.Məmmədov daha ətraflı məlumatı sonra açıqlayacağını vurğulayıb.