Sosial şəbəkələrdə Azərbaycanda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində qətllərin həyata keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırılır.
APA-nın apardığı araşdırma zamanı məlum olub ki, bu məlumatların Azərbaycanla heç bir əlaqəsi yoxdur. Belə ki, bu il yanvarın 7-də eyni məzmunlu saxta paylaşımlar Kazanda da yayılıb.
“Tatar manyak” “Telegram” kanalının müəllifi yanvarın 9-da Tatarıstanın paytaxtında “ət və qan günü” təşkil edəcəyinə söz verib.
İlin ilk günlərindən sosial şəbəkələrdə anonim müəllifin təhdidləri ilə bağlı məlumatlar yayılmağa başlayıb, “Telegram” izləyicilərində təşviş yaranıb.
Eynilə bu gün yaradılmış saxta hesab vasitəsilə Kazanda tətbiq olunmuş mətndə məktəb nömrələri və ticarət mərkəzlərinin adı dəyişdirilərək, Azərbaycan seqmentinə ünvanlanıb. Bu isə onu deməyə əsas verir ki, müxtəlif cəmiyyətlərdə təşviş yaratmağa yönəlmiş saxta məlumatlarla bu dəfə azərbaycanlı valideynlər sınanılıb.