Məktəblərin qabağındakı itlərlə bağlı açıqlama - Video

“Məktəbdən övladını gətirən analara azyaşlı uşaqları ilə birgə elə bu ərazidə itlər dəfələrlə hücum edib. Gec saatda dərsdən çıxıb gələn uşaqlarımıza görə çox narahatıq”.

Bu şikayətlə “Qafqazinfo”ya Sumqayıt şəhər 17 və 18-ci mikrorayonların bir qrup sakini müraciət edib.

Sakinlərin sözlərinə görə, 4 və 39 nömrəli məktəblərin önü sahibsiz itlərlə doludur: “Bu ərazidə yerləşən 5 mərtəbəli binaların arxa tərəfində itlər lap sürü ilə gəzirlər. Bir həftə bundan öncə valideynlərdən biri məktəbdən uşağını götürüb qayıdanda 7 it üstlərinə cumub. Qonşular güclə itləri qova biliblər. Bu hal birinci dəfə deyil ki, yaşanır. Demək olar ki, hər gün bu vəziyyətdir. Bunun qorxusu elə bəs edir. Dəfələrlə şikayət etsək də, baxılmır, heç bir tədbir görülmür”.
Ətraflı

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Məlumat üçün bildirək ki, Sumqayıt şəhərində sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə davamlı olaraq sahibsiz itlərin götürülməsi və sığınacaqlara yerləşdirilməsi işləri həyata keçirilir. Eyni zamanda sahibsiz itlərin peyvəndlənməsi işləri aparılır. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara tədbirlərin daha da gücləndirilməsi üçün tapşırıq verilib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ