Ramazan ayı ilə bağlı fətva verildi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda Ramazan ayının başlaması ilə bağlı fətva verib.

Fətvada bildirilir ki, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/33 saylı və 28 fevral 2024-cü il tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 11-nə təsadüf edəcək.

İslamın təməl prinsiplərindən olan oruc ibadəti insanı təkəbbür və şöhrətpərəstlikdən uzaqlaşdıran, insanlar arasında birliyi, qardaşlığı, haqqı və ədaləti bərqərar edən, bəşər övladını iman və təqvaya yaxınlaşdıran ibadətdir. 

Oruc ibadəti insanın haramlardan qorunması üçün bir imtahandır, Allahın insana bəxş etdiyi iradəni gücləndirən, səbri və dəyanəti bütünləşdirən, arzu, ehtiras və nəfsin önünə qalxan kimi sədd çəkən vasitədir: “Qazılar Şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilsin. Xüsusi olaraq bir daha din xadimlərimizə xatırlatmaq istərdik ki, iftardan öncə məclislərdə ehsan verilməsi qəti qadağandır, çünki Allahın hökmü, Peyğəmbərin əmri ilə ehsan adı ilə iftardan əvvəl süfrə açılması şəri baxımdan haram əməldir.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlarımız tərəfindən istifadəsi qeyri-məqbuldur”. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ