Azərbaycanın ən çirkli çimərlikləri - SİYAHI

Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərlikləri istifadəyə yararsızdır.

Buta.media-nın məlumatına görə, Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.

Onun sözlərinə görə, çimərlik mövsümünün başlanması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə çimərlik sahələrində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb:

“Analizlərin nəticələrinə görə, Xəzər rayonu Türkan, Suraxanı rayonu Hövsan, Səbail rayonu Şıx, Qaradağ rayonu Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır. Bu səbəbdən vətəndaşların qeyd olunan çimərliklərdən istifadə etmələri məqsədəuyğun deyil”.

O, yararlı çimərliklərin də adlarını açıqlayıb:

“Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri isə analizlərin nəticələrinə görə  çimərlik kimi istifadəyə yararlıdır”.

Ə.Həsənov qeyd edib ki, hazırda Xəzər dənizinin Cənub və Şimal bölgələrində də monitorinqlər həyata keçirilir, su və dib çöküntüləri nümunələri üzərində təhlillər aparılır.

Qurum rəsmisinin sözlərinə görə, sözügedən çimərliklərdə çirklənmə o həddə çatıb ki, insanların orada çimməsi təhlükəli hesab olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ