Müqəddəs Ramazan ayının son günlərindəyik. Bu ayda paytaxt Bakı da daxil olmaqla bir çox bölgələrdə toy və digər xeyir işlərə fasilə verilir. Ona görə də bu ayda restoranların fəaliyyəti zəifləyir.
Bununla yanaşı, Ramazanda toy-düyün mərasimlərinə ara verməyən bəzi rayonlarımız da var.
Buta.media xəbər verir ki, mövzu barədə Modern.az saytına sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bunun başlıca səbəbi təriqət ayrılığı ilə bağlıdır:
“Bu ayda Allah və onun hökmü ilə göyün üzündə planetlərin düzümü də insanların nəfsini tərbiyə etməyə kömək edir. Bütün İslam aləmində Ramazan ayı çox müqəddəs aylardan biridir. Amma sünnilər və şiələr arasında Ramazan ayına münasibət bir qədər fərqlidir. Sünillər bu ayı daha çox insanın öz nəfsini tərbiyə etmək ayı kimi qəbul edir.
Bildiyimiz kimi, İmam Əli namaz qılarkən başını qılıncla vurublar.
Buna görə də şiələrdə bu aya münasibət bəzi günlərin İmam Əlinin qətli ilə eyni vaxta düşməsinə bağlayırlar.Yəni onlar bu aya matəm gözü ilə də baxırlar. Bu səbəbdən şiələr bu ayda şadlıq etmək, xeyir iş görmək, təzə evə köçmək, hətta təzə paltar geyinməyə belə pis baxırlar. Başlıca səbəb təriqət fərqlərindən irəli gəlir. Sünnilərdə bu məsələ yoxdur. Onlar bu aya matəm ayı kimi baxmırlar. Xeyir işin olmasında problem görmürlər. Onlar bu ayı mənəvi təmizlənmə ayı kimi qəbul edirlər”.
Ə. Qəşəmoğlu Türkiyədə də bu ayda toyların olduğunu xatırladıb:
“Naxçıvan və Lənkəranda Ramazan ayında heç kim toy edə bilmir, çünki bu yerlərdə şiəlik çox güclü inkişaf edib. Şimal zonalarımızdan olan Quba, Qax, Zaqatala, hətta Ağdamın bəzi kəndlərində, Qazax, Şəki bu yerlərdə sünnilik üstün olduğuna görə toy, şadlıq - bu kimi xeyir işlərə normal baxırlar. Türkiyənin özündə bu ay, ayların sulatını adlandırılır və toylar da tən-tənəli şəkildə keçirilir”.