Azərbaycanda gecə sərnişin daşımaq niyə qadağan edilib?

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) gecə saatlarında şəhərlərarası qeyri-müntəzəm sərnişindaşma ilə bağlı əhaliyə müraciət edib.

Buta.media xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Trend-ə bildirib ki, qanunla sərnişin daşıyan avtobusların gecə xəttə çıxması tam qadağandır:

"Yalnız beynəlxalq reyslərdə qadağa yoxdur. Çünki beynəlxalq reyslərdə məsafə uzun olduğu üçün vaxtı biz tənzimləmirik. Lakin daxili reyslərə gəlincə, Azərbaycanda gündüz müntəzəm marşrut xətləri sərnişin axınını tam ödəyir. Gecə sərnişin axını o qədər güclü deyil. Yalnız mikroavtobuslar sifariş əsasında qeyri-müntəzəm qaydada sərnişin daşıyırlar. Yəni əvvəlcədən danışılaraq 15-20 nəfər sərnişin aparılır ki, bu da qanunauyğun deyil".

N.Allahyarova bildirib ki, əgər sərnişin axını çox olarsa, tələbat yaranarsa, gecə marşrutların xəttə buraxılması məsələsinə baxıla bilər:

"Ancaq Azərbaycanda belə bir tələbat yoxdur, gecə reysləri ilə bağlı müraciətlər çox deyil. Həm də gecə reysləri rentabelli deyil. Daşıyıcı 5-10 nəfər sərnişin ilə yola çıxa bilmir. Sahibkarın da gəliri olmalıdır, 5-10 nəfər sərnişinlə yola çıxanda isə sahibkar heç bir gəlir əldə edə bilmir".

N.Allahyarova vətəndaşları diqqətli olmağa, gecə vaxtı qeyri-müntəzəm marşrutlardan istifadə etməməyə və belə hallarla qarşılaşdıqları zaman DANX-ə məlumat verməyə çağırır: "Gecə yolda olan sürücü sükana tam hakim olmaya bilər. Bu baxımdan siz də bizə kömək edin: həyatınızı bu qədər asan təhlükəyə atmayın. Əsas şərt mənzilə sağ-salamat çatmaqdır".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ