Psixiatriya Xəstəxanasında pasiyent öldü

Sosial şəbəkələrdə Respublika Psixiatriya Xəstəxanasında yeniyetmənin həkim zorakılığı nəticəsində öldüyü ilə bağlı məlumatlar yayılıb. İddiaya əsasən, ölüm həkimin ona yemək yeyərkən arxadan yumruq vurması nəticəsində baş verib. 

Baş Prokurorluq iddialarla bağlı açıqlama yayıb. Qurumdan verilən məlumata görə, ötən il dekabrın 27-də Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsində müalicə alan B.V-nin (şərti) yemək yeyərkən başının arxa hissəsindən sillə vurulması nəticəsində boğularaq ölməsi barədə Baş Prokurorluğun Mətbuat xidmətinə media nümayəndələri tərəfindən çoxsaylı sorğular daxil olub. 

Verilmiş sorğulara cavab olaraq bildirilib ki, həmin faktla bağlı hazırda Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. 

Araşdırma zamanı məhkəmə tibbi-ekspertizası və digər laborator müayinələr keçirilib, eləcə də, zəruri prosessual hərəkətlər icra edilib.

Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, şəxsin ölümünə səbəb tənəffüs yolları, udlaq və qırtlağın yad cisimlə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya (boğulma) olub. 

Həmçinin, ekspertizanın rəyi ilə müəyyən olunub ki, şəxsə sillə ilə vurulması nəticəsində yad cismin tənəffüs yoluna düşməsi inkar olunur.

Əldə etdiyimiz məlumata görə, vəfat edən pasiyent 2006-cı il təvəllüdlü olub. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ