Azərbaycanda toyuq əti bahalaşdı

Azərbaycanda toyuq ətində bahalaşma nəzərə çarpır. Gündəlik tələbat məhsulları sırasına daxil olan bu məhsulun qiymətində 1-2 manat arasında dəyişiklik müşahidə edilir.

Bəs bu artım əhalinin məhsula olan tələbatı, yoxsa istehsalın azalması ilə bağlıdır? 

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Sabah”a açıqlama verib.

O bildirib ki, bahalaşmanın əsas səbəbi əhali arasında toyuq məhsullarına olan tələbatın artmasıdır: 

“Toyuq məhsullarının qiymətində müəyyən qədər artım müşahidə edilir. Bunun da əsas səbəbi insanların toyuq ətinə olan tələbatının artmasıdır. Tələbatın artmasına isə mal və qoyun ətindəki bahalaşma səbəb olub. Bu səbəbə görə əhali toyuq məhsullarına üz tutub. Bu da öz növbəsində toyuq əti və bu növdən olan məhsulların qiymətində müəyyən bahalaşmaya gətirib çıxarıb. Çünki tələbat artırsa, qiymət artımı da qaçılmazdır”. 

Eyyub Hüseynov qeyd edib ki, bir qrup şəxs toyuq məhsullarındakı qiymət artımına müəyyən dərəcədə təsir edə bilər: 

“Azərbaycan özünü quş məhsulları ilə tam təmin edə bilər. Bu barədə müəyyən addımlar atılmalıdır. Onlardan biri də xaricdən gələn mallara verilən üstünlüyün aradan qaldırılmasıdır. Quşçuluq məhsullarının istehsalı ilə məşğul olan insanlar bir qrupdur. Bu şəxslər həmin məhsulların bahalaşması üçün qiymət sövdələşməsinə də təsir edə bilər”. 

Azad İstehlakçılar Birliyinin sədri onu da vurğulayıb ki, bu məhsulların qiymətində ucuzlaşma müşahidə edilməsi gözlənilən deyil. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ