Həkim “mən polkovnikəm” deyib xəstəni qəbul etmədi

Anasını həkim qəbuluna aparan jurnalist Nailə Balayeva başına gələn xoşagəlməz halla bağlı sosial şəbəkə hesabında paylaşım edib. 

“Qafqazinfo” xəbər verir ki, onun sözlərinə görə, bir neçə gün əvvəl valideynini nevroloq Könül Hacıyevanın qəbuluna aparmaq məqsədilə “Kəpəz” Hospitala müraciət edib.

Jurnalist deyir ki, klinikada həkim müayinəsindən əvvəl xəstəni EEG aparatından keçiriblər, xəstə yaxınları ilə kobud davranıblar və üstəlik, sonda pasiyenti qəbul etməkdən imtina ediblər: “Bizə həkimin qəbuluna girməzdən öncə qiyməti 75 manat olan EEG aparatından keçməli olduğumuz deyildi. Əks halda, həkimin assistenti İlhamə xanım xəstəni qəbula yazmır. Mənim “həkim bir pasiyenti müayinə edər, sonra aparata göndərər” kimi dəlillərim də bu assistentin ürəyini yumşaltmadı. Anamı ancaq 75 manat EEG aparatı və 85 manat həkim qəbuluna (160 manat) öncədən vəsait keçirəndən sonra sıraya aldılar. EEG edib əlimizə bir rapor olan kağız verdilər. İlhamə adlı köməkçidən soruşuram ki, bəs bu raporu kim yazıb, niyə imzası yoxdur? Xanımı sanki od vurdu. Girdim EEG həkiminə sənədi imzalatdım. Onda da Könül Hacıyevanın qəzəbinə gəldim. Bilmirəm, bu imza nə məsələ idisə, hamı təşvişə düşdü. Dedi “ananızı qəbul etmirəm, biləsiniz ki, mən polkovnikəm, indi polis çağırıb sizi ona təhvil verəcəyəm”.

N. Balayeva əlavə edib ki, xəstəxananın mühafizəçisi onu xəlvət foto çəkməkdə ittiham edib: “Mühafizə gəldi ki, bəs, bizim fotomuzu çəkmisiniz. Telefonunuzu açın silin, yoxsa sizi klinikadan buraxmayacağıq. Mən bilmirəm bu nevroloq Könül Hacıyevanın fotolarının internetdə dolu olduğu bir halda niyə fotosunu gizli çəkməliyəm? Nevroloq polkovnik çıxdı. Həkimin təhdidləri, köməkçinin təhqirlərindən sonra 102-yə müraciət etməli oldum. Görək bu polkovnik rütbəli nevroloq Könül Hacıyevanın gücü nədədir ki, xəstə yaxınlarını qorxmadan təhdid edir və xəstələrə “sənə baxmıram” deyib etinasızlıq göstərir?”

Sadalanan ittihamlara cavab almaq üçün “Kəpəz” Hospitalla əlaqə saxladıq. Tibb müəssisəsindən pasiyentlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğu bildirildi: “Bu məsələdə Nailə xanım nədən şikayət edir, başa düşmürük. O anası ilə klinikamıza müraciət edib. Həkim qəbuluna girmədən ödədiyi pul özünə geri qaytarılıb. 

O hər hansı analizə göndərilməyib. EEG cihazı diaqnostik cihazdır. Azərbaycan Səhiyyə Nazirliyinin də protokollarında, dünya protokolarında da var ki, xəstənin diaqnozu üçün EEG şərtdir. Həkim EEG-yə baxmadan diaqnozu necə müəyyən edə bilər? Xanım bundan narazılığını bildirib. Baxmayaraq ki, cihazdan keçib, yenə ödənişi geri qaytarmışıq. Həkim də asayişi pozduğuna görə, özünü normal aparmadığına görə onu qəbul etməkdən imtina edib”.

Bəs “həkimin xəstəni qəbul etməkdən imtina etmək hüququ varmı?” sualına gəlincə isə xəstəxanadan belə cavab aldıq: “Təbii ki, hüququ var”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ