Azərbaycan səfiri Əfqanıstana gedib, “Taliban” XİN rəhbəri ilə görüşüb - foto

Azərbaycanın müasir tarixində Əfqanıstandakı ilk səfiri İlham Məmmədov Kabilə gedib və “Taliban” hərəkatı hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb.

Bu barədə “Taliban” Xarici İşlər Nazirliyinin nümayəndəsi Əbdül Kahar Balxi “X” səhifəsində məlumat verib.

Azərbaycan Respublikasının Kabildəki səfiri İlham Məmmədov xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşdə Kabildə səfirliyin açılması ilə bağlı rəsmi məktubu təqdim edib.

13 yanvar 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikanın Əfqanıstanda səfirliyinin təsis edilməsi haqqında qanunu imzalayıb, 2021-ci ilin iyul ayında isə İlham Məmmədovu Əfqanıstana səfir təyin edib. Azərbaycanın Kabildə səfirliyinin açılması barədə qərar iki ölkə arasında 1994-cü ildə diplomatik münasibətlərin qurulmasından 27 il sonra qəbul edilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən ilin dekabrında illik mətbuat konfransında bildirib ki, Bakı 2024-cü ildə Kabildə səfirlik açmağı planlaşdırır.

Xatırladaq ki, ABŞ-ın 2021-ci ildə qoşunlarını Əfqanıstandan çıxarmaq qərarını elan etməsindən sonra “Taliban” hərəkatı ölkə üzərində nəzarətini bərpa edib. Belə ki, avqustun 15-də “Taliban” döyüşsüz Kabilə girib və sentyabrın 7-də müvəqqəti hökumətin tərkibini elan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ