“2000-ci il təvəllüdlü yaralı hərbi qulluqçu, əsgər Xəlilzadə Pərviz dünən Respublika Neyrocərrahiyyə Xəstəxanasına DSX-nin hərbi təcili tibbi yardım maşını vasitəsilə gətirilib”.
APA xəbər verir ki, bu barədə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Baş həkimi Elçin İbrahimov bildirib.
Onun sözlərinə görə, xəstə daxil olarkən onda ilkin olaraq müayinələr nəticəsində üçüncü boyun fəqərələri səviyyəsində, fəqərə sütununun boyun nahiyəsinin odlu silah yaralanması, kor güllə yarası aşkar olunub və ilkin təcili tədbir yardımlarından sonra xəstəyə sürətlənmiş formada təcili cərrahi əməliyyat aparılıb, həmin güllənin çıxarılması icra olunub.
“Xəstə daxil olarkən vəziyyəti ağır idi, güllənin onurğa kanalının yan elementlərini zədələməsi nəticəsində xəstənin yuxarı ətrafında hərəkət zəifliyi, ağrılar qeyd olunurdu. Xəstəyə cərrahi əməliyyat aparıldı və əməliyyatdan sonra güllə çıxarıldı, hazırda vəziyyəti kafidir, müalicəsi davam etdirilir”, - Elçin İbrahimov vurğulayıb.
Baş həkim qeyd edib ki, çıxarılan güllə hərbi mütəxəssislərə təhvil verilib, mütəxəssislər tərəfindən verilən qiymətləndirməyə görə, xarici istehsallı güllədir, snayper gülləsi olduğu vurğulanır.
Ötən gün dövlət sərhədinin Zəngilan istiqamətində Ermənistanın təxribatı nəticəsində yaralanan hərbi qulluqçu, 2001-ci il təvəllüdlü Pərviz Xəlilzadə APA-ya açıqlamasında deyib:
“Sərhəd döyüş məntəqəmizdə iki nəfərlə vəzifəmizi yerinə yetirirdik. Qarşıdakı düşmən postların müşahidəsini aparırdıq. Bu zaman tək bir atəş səsi eşitdim. Həmin an huşumu itirdim”.
Hazırda xəstəxanada müalicəsini davam etdirən əsgər əməliyyat olunduğunu bildirib: “Əməliyyat yaxşı keçdi. Yavaş-yavaş səhhətim düzəlir. Həkimlər əlindən gələni edirlər. Tezliklə sağalıb, döyüş məntəqəsinə qayıdaraq xidmətimi davam etdirmək istəyirəm. Sərhədçi olduğum üçün fəxr edirəm. Vətən sağ olsun”.