Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü dövlət səviyyəsində qeyd olundu, müxtəlif tədbirlər keçirildi, rəsmi qəbul oldu. Amma maraqlıdır ki, sosial şəbəkələrdə və bəzi saytlarda müxalif camiyəni təmsil edən bəzi şəxslər “Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə qarşı iqtidarda qısqanclıq var” kimi fikirlər irəli sürür.
Buta.media-nın məlumatına görə, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə “Yeni Müsavat”a açıqlamasında bu cür fikirlərin kökündən yanlış olduğunu bildirib.
Onun sözlərinə görə, müxalifət içərisində yer alan bəzi qüvvələr iqtidarı ən müxtəlif bəhanələrlə ittiham etməyə çalışır, onun fəaliyyətini təftiş edir, həqiqətə uyğun olmayan fikirlər irəli sürür, ictimai fikri çaşdırmağa cəhdlər edirlər. Artıq əllərində konkret faktlar olmadığı üçün böhtan atmaq yolunu seçirlər: “Azərbaycanda Respublika Günü dövlət səviyyəsində yüksək şəkildə qeyd edilir. Bu münasibətlə ölkəmizin prezidenti qəbul keçirir. Prezident hər il bu günlə bağlı dünya miqyasında təbriklər qəbul edir. Ölkə prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin simvolu olan abidəni ziyarət edir. Təkcə Məhəmməd Əmin Rəsulzadə deyil, bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında müstəsna xidmətləri olan dəyərli insanlarımızın hər birinin xatirəsi əziz tutulur.
Bunu bəzi müxalifət qüvvələri inhisara almağa çalışırlar, Məhəmməd Əmin Rəsulzadəni inhisara alıb onu digər istiqlal mübarizlərindən ayırmağa uzun illərdir cəhdlər edirlər. Əslində isə bununla Məhəmməd Əmin Rəsulzadəyə yaxşılıq deyil, pislik etmiş olurlar. Rəsulzadə də, onunla bərabər Cümhuriyyətin qurulmasında böyük xidmətlər göstərən hər bir fədakar insanımız da hər bir azərbaycanlının yaddaşında əbədi yer tutublar. Onlar hər bir azərbaycanlı üçün də, iqtidar üçün də dəyərli insanlardır. Müstəqil Azərbaycan yaşadıqca o insanlar da xalqımız tərəfindən sevgi ilə yad ediləcək. Onların irsini bu gün kimlərinsə inhisara almaq cəhdləri yolverilməzdir.
Burada məni təəccübləndirən məsələ odur ki, nəyə görə müxalifətin bəzi qüvvələri ancaq Məhəmməd Əmin Rəsulzadəni digərlərindən ayırırlar, ona ayrıca xüsusi münasibətin olmasını önə çəkirlər. Məhəmməd Əmin Rəsulzadə də bizim üçün dəyərli dövlət adamıdır, onun Xalq Cümhuriyyətinin qurulmasında müstəsna xidmətləri var.
Eyni zamanda onunla bərabər Fətəli Xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin və digərlərinin də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında xidmətləri var. Bu şəxslərin hər birinin Azərbaycan xalqının yaddaşında əbədi yeri var. Onlar dövlətimizi, müstəqilliyimizi sevən hər kəs tərəfindən hörmətlə yad edilir. Hakimiyyətin də Məhəmməd Əmin Rəsulzadəyə qısqanclıq göstərməsinə heç bir ehtiyacı yoxdur. Rəsulzadəyə qısqanclıq olduğu barədə iddialar sadəcə gülüş doğuran əsassız ittihamdır, qərəzin ən çirkin formasıdır. Bu cür fikirləri irəli sürənlər utanmalıdırlar".
Deputat vurğuladı ki, Xalq Cümhuriyyəti irsi millətimizin irsidir, Cümhuriyyət Azərbaycan xalqının böyük nailiyyətidir. Azərbaycan xalqının nailiyyətini konkret fərdlərin ayağına yazmaq qəbul edilən deyil:
“Biz nəyi qazanmışıqsa, nəyi əldə etmişiksə, bunu ancaq Azərbaycan xalqının nailiyyəti kimi qeyd etməliyik. Əlbəttə tarixi şəxsiyyətlərin oynamış olduğu rolu, əhəmiyyətini də yaddaş çıxarmalı deyilik.
Qərəzli fikirlər irəli sürənlər isə xalqı kənara qoyaraq yeri düşdü-düşmədi Məhəmməd Əmin Rəsulzadə amilini ortalığa gətirirlər, əsassız fikirlər yayırlar ki, guya Rəsulzadəyə qısqanclıq var. Bütün bunlar qəbul edilən deyil. Bununla bağlı ölkə iqtidarını ittiham etmək sadəcə olaraq gülüş doğurur”.