Xəbər verdiyimiz kimi, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı iki nəfər həbs olunub. Bunlar “Bakı Ağac Emalı” ASC-yə sahiblik edən Tağı İbrahimov və ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevdir.
İstintaqla müəyyən olunub ki, partlayış taxta materialların emalı zamanı yaranmış taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində baş verib.
“Qafqazinfo”nun məlumatına görə, bu “Bakı Ağac Emalı” ASC-də baş verən ilk yanğın deyil. Bundadək dəfələrlə sözügedən obyektdə yanğın olub, hətta ölüm hadisəsi də qeydə alınıb.
Görünən odur ki, baş verən yanğınlara baxmayaraq, yanğın təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər görülməyib.
Məsələ burasındadır ki, yanğınlardan biri 2013-cü ilin dekabrında qeydə alınıb. 11 il əvvəl Ağac Emalı zavodunun ərazisində ümumi sahəsi 2000 kv.m olan mebel məmulatları istehsalı sexinin yanar konstruksiyaları və içərisində olan məmulatlar 600 kv.m sahədə yanıb.
Eyni zamanda sexin dam örtüyünün bir hissəsi uçub. Yanğının fəsadlarının aradan qaldırılması zamanı Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürəni Zaur Eyvazov beton piltənin üzərinə düşərək həlak olub.
2018-ci ildə də zavodun ərazisində yanğın baş verib, təxminən 500 kvadratmetr ərazidə işlənmiş avtomobil şinləri yanıb.
2022-ci ildə isə Ağac Emalı Zavodunun ərazisində 900 kvadratmetr sahədə məişət tullantıları və yarasız təkərlər, 3 ədəd ağac və yaxınlıqda ümumi sahəsi 8 kvadratmetr olan külafirənginin yanar konstruksiyaları yanıb.
Qeyd edək ki, toplanmış sübutlarla “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı və faktiki sahiblik edən vəzifəli şəxs Tağı İbrahimovun müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işini düzgün təşkil etməməsi, yanğın təhlükəsizliyi ilə bağlı əvvəllər aşkar edilmiş ciddi qanun pozuntularının aradan qaldırılması üçün zəruri rəhbər tapşırıqlar verməməsi müəyyən edilib. Bundan başqa, ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevin də yanğın təhlükəsizliyi qaydalarına cavabdeh şəxs kimi bu qaydaları pozması, yəni müəssisənin yanğın təhlükəsizliyinin, habelə yanar tullantıların və tozların təmizlənməsini təmin etməməsi aşkarlanıb. 10 nəfərin ölümünə, 23 nəfərin xəsarət almasına görə adıçəkilən hər iki vəzifəli şəxs həbs olunub.
Onu da əlavə edək ki, Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun və “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmlinin qardaşıdır.