Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı 2 şəxsin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluğun məlumatına görə, istintaqla müəyyən olunub ki, partlayış taxta materialların emalı zamanı yaranmış taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində baş verib.
Belə ki, toplanmış sübutlarla “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı və faktiki sahiblik edən vəzifəli şəxs Tağı İbrahimovun işinə laqeyd münasibət göstərib, ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevin isə yanğın təhlükəsizliyi qaydalarına cavabdeh şəxs kimi bu qaydaları pozması əsaslı şübhələr müəyyən edilib.
İş üzrə Tağı İbrahimov Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda), Toğrul Rzayev isə həmin Məcəllənin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanın vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirləri seçilib.
Həbs olunanlardan Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır.
Sözügedən ASC illər əvvəl “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib.
Sexin təsisçisi Tağı İbrahimov və “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub.
Maraqlıdır ki, partlayışdan sonra Tağı İbrahimov mətbuata açıqlamasında yanan mebel sexinin onlara aid olmadığını bildirmişdi.
Onu da qeyd edək ki, T.İbrahimov uzun müddət ATV telekanalının prezidenti olub.