“6 nömrəli məktəblə bağlı nazirliyin açıqlaması absurddur”

Müğənni Nura Suri sosial şəbəkələrdə geniş müzakirə yaradan 6 nömrəli məktəbdəki hadisəyə münasibət bildirib.

OLAY yazır ki, bu barədə sənətçi sosial şəbəkə hesablarında paylaşım edib. O bildirib ki, bu məsələ ciddi araşdırılmalıdır: 

“6 nömrəli məktəbdə baş verən hadisəyə Elm və Təhsil Nazirliyinin verdiyi açıqlama absurd səslənir (kamera görüntüsündə təsdiqin tapmadı). Bu məsələ ciddi araşdırılmalıdır. Bütün məktəblərdə uşaqlar digər şagirdlər tərəfindən bulinqə məruz qalırlar. İstər özəl məktəblərdə, istər dövlət məktəblərində. 

Guya ki, kiməsə şikayət edərsə, deməli, o, satqındır. Bunları uşaqların beyinlərinə TikTok-dakı söhbətlərləmi, ya evdə aldıqları tərbiyəyləmi yeridiblər? Bilmirəm. Sovetin vaxtında da var idi, hələ də var. Rusların “Müqəvva” filmində bulinqin nə olduğunu tam aydın göstəriblər.

Mənim oğlum çox gözəl rəqs edirdi (2 yaşından). Sonuncu rəqsi Murad Arifin konsertində oldu, sonra da rəqsi atdı. Məktəbdə uşaqlar deyiblər ki, kişi rəqs etməz və sair. Ən gözəl bacardığı bir şeyi “kişiyə yaraşmaz” sözüylə atdı. 

Övladlarımı 3 yaşından idmana qoymuşdum ki, məktəbə gedəndə özlərini müdafiə edə bilsinlər. Heç vaxt zəifi əzməyiblər. Uşaqlarınızla söhbət edin, onlarla dost olmağa çalışın, hər addımlarını qınamayın”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ