Mikroavtobuslar avtobus zolağına daxil ola bilər?

Qeyri-qanunu sərnişindaşıma ilə məşğul olan mikroavtobuslar avtobus zolağına daxil olarsa, onların sürücülərinə cərimə yazıla bilər.

Bu barədə Baku.ws-ə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib.

Toğrul Nəsirli qeyd edib ki, bu məsələ Yol Hərəkəti Haqqında Qanunun 48-ci maddəsi ilə tənzimlənir:

“Orada yalnız əvvəlcədən razılaşdırlmış marşrut xəttində hərəkət edən, müvafiq dayanacaqlarda dayanıb sərnişin düşürüb, sərnişin götürən avtobuslardan söhbət gedir. Digər nəqliyyat vasitələrinin zolağa daxil olması yolverilməzdir. Belə sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, protokol tərtib olunur.

Digər nəqliyyat vasitələri o halda avtobus zolağına daxil ola bilərlər ki, 1.5 (qırıq-qırıq xətt) nişanlama xətti mövcuddur. O formada daxil olub ən yaxın yol ayrıcından manevr etməlidirlər. Yəni digər hallarda nəzərdə tutulmayan nəqliyyat vasitələrinin mütəmadi olaraq o zolağa daxil olub hərəkət etməsi yolverilməzdir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ