Şirvanda zavodda partlayış - Xəsarət alanlar var

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda partlayış olub, üç nəfər xəsarət alıb.

Bu barədə Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan Araz zavodu MMC-də partlayış baş verib.

İlkin araşdırmalarla hadisə nəticəsində 3 nəfərin - 1992-ci il təvəllüdlü Babayev Elçin Cahangir oğlu, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu və 1999-cu il təvəllüdlü İmanov Məhəmməd İlham oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir.

Hadisənin zavodun sexlərindən birində minatan silahın 120 mm-lik mərmisinin çəkiclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) zavoddakı partlayışla bağlı məlumat yayıb.

“Şirvan şəhərində yerləşən Araz zavodunda baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə üç nəfər (kişi cinsli) hospitalizasiya olunub. 1992-ci il təvəllüdlü şəxs sol əlin əzilmiş cırılmış yarası, 2001-ci il təvəllüdlü şəxs alın nahiyəsinin çapılmış yarası, 1999-cu il təvəllüdlü şəxs isə barotravma diaqnozu ilə tibb müəssisəsinə daxil olub. Hər üç şəxsə zəruri tibbi xidmət göstərilir”, - məlumatda bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ