Azərbaycanda məktəb direktoru rüşvət alarkən görüntüləndi - video

“1400-ə yaxın şagirdin təhsil aldığı Mingəçevir şəhər 4 saylı tam orta məktəbin direktoru rüşvət alaraq müəllimlərə dərs saatı satır”.

Bu iddiaları sözügedən məktəbin coğrafiya müəlliməsi Həbibə Yuldaş qızı Rahibova Oxu.Az-a açıqlamasında səsləndirib.

O bildirib ki, 20 ilə yaxındır məktəbin direktoru olan Azər Arif oğlu Qazıyev hər dərs saatı üçün müəllim heyətindən 50 manat məbləğində rüşvət alır:

“20 ilə yaxındır bu məktəbdə vəziyyət bu cürdür. Bununla bağlı aidiyyəti qurumlara da müraciət etmişəm. Hətta məktəbin direktoruna Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi açılıb. 2023-cü ilin sentyabr ayında biz rüşvət verərkən bunu videoya da çəkmişik. Artıq direktor mənə müxtəlif yollarla təzyiq edir. Məni ailəmlə, qızlarımla təhdid edir, məktəbin yuxarı sinif şagirdlərini də öyrədib məni müxtəlif yollarla ifşa etmək istəyir. Mən bununla bağlı iki dəfə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət etmişəm. Bir neçə şagird cərimələnib və altı ay müddətinə nəzarətə götürülüb.

Mənimlə danışan müəllimlərə, şagirdlərə müxtəlif yollarla təzyiq edilir. Məktəbdə artıq ruh kimi gəzirəm, heç kim mənimlə danışmır. Səbəbi isə direktorun təzyiqi və mənim direktorla açıq mübarizə aparmağımdır”.

Səsləndirilən iddialarla bağlıməktəb direktoru Azər Qazıyev bildirib ki, məsələ prokurorluq tərəfindən araşdırılır, nəticələri ilə bağlı cavab gözlənilir:

“Mən 1986-cı ildən bu məktəbdə çalışıram. 2005-ci ildən isə direktor vəzifəsində çalışıram. Respublikanın qabaqcıl təhsil işçisiyəm, “Tərəqqi” medalına layiq görülmüşəm. Mənə qarşı qurulma bir işdir. İş prokurorluqdadır, araşdırmalar aparılır. Bu yaxınlarda da maliyyə yoxlamaları aparıldı. Yoxlamaların və araşdırmaların nəticələrini gözləyirik”.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ