Bu idmançı və məşqçilərə xüsusi təqaüdlər veriləcək

“Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Qərar imzalanıb.

Bununla bağlı Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara, onların baş məşqçilərinə və məşqçilərinə də xüsusi təqaüdlər veriləcək.

Əvvəlki Qərara əsasən, xüsusi təqaüdlər yalnız Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə verilirdi.

Qeyd edək ki, təqaüd Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançıya, onun məşqçisinə və Respublika yığma komandasının baş məşqçisinə yalnız nağdsız qaydada ödənilir.
Ətraflı

İdmanın oyun növlərində iştirak etmək hüququ qazanılan zaman təqaüd əsas heyətin hər bir üzvünə, baş məşqçiyə və komandanın məşqçisinə verilir.

Hər ay hər bir idmançıya 200 (iki yüz) manat, onun məşqçisinə 160 (yüz altmış) manat, baş məşqçi və komandanın məşqçisinin hər birinə 100 (yüz) manat məbləğində təqaüd ödənilir.

Təqaüdlərin ödənilməsi iştirak etmək hüququ qazanılması faktının Beynəlxalq Federasiya tərəfindən təsdiq edilməsindən sonra həyata keçirilir. Olimpiya Oyunlarının başlanmasına qalan sonuncu ay təqaüdlərin ödənilməsinin son müddəti hesab olunur. Təqaüdlərin ödənilməsini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində bədən tərbiyəsi və idman tədbirləri üçün bu nazirlik üzrə nəzərdə tutulan vəsaitlər hesabına həyata keçirir.

Təqaüdlərin təyin edilməsi və ödənilməsi Gənclər və İdman Nazirliyinin müvafiq əmri ilə həyata keçirilir.

Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ