Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranda həbs olunmuş Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərli ilə bağlı yerli medianın sualını cavablandırıb.
Ayxan Hacızadə bildirib ki, Xarici İşlər Nazirliyinin 9 mart, 2 iyun və 2 avqust tarixli mətbuat açıqlamalarında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən etibarən vətəndaşın aqibətinin və sağlamlıq vəziyyətinin öyrənilməsi, İran tərəfindən məsələyə aydınlıq gətirilməsi, vətəndaşın məhkəmə-prosessual hüquqlarının qorunması, eləcə də vəkillə təmin olunması istiqamətində həm Xarici İşlər Nazirliyi, həm də ölkəmizin Təbriz şəhərindəki Baş konsulluğu tərəfindən bütün mərhələlərdə müvafiq iş aparılıb.
XİN rəsmisi qeyd edib ki, 19 iyul 2023-cü il tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub: “Növbəti mərhələdə məhkəmənin qərarı ilə onun həbsi barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib.
Bununla yanaşı, İran İslam Respublikasının Təbriz şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun əməkdaşları Fərid Səfərli ilə həbsxanada mütəmadi olaraq görüşlər keçirir və onunla ailə üzvləri arasında telefon əlaqəsi yaradılır.
Fərid Səfərlinin hüquq və mənafelərinin qorunması istiqamətində Azərbaycan Respublikası Hökuməti tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir”.
Qeyd edək ki, Fərid Qabil oğlu Səfərli ötən il 4 mart tarixində İranda həbs olunub. Azərbaycan Respublikasının vətəndaşının həbsindən və onun barəsində məhkəmə qərarı verildikdən sonra Fərid Səfərlinin valideyni oğlunun durumundan narahatlıq ifadə edib, məsələ ilə bağlı Azərbaycanın dövlət qurumlarına yardım üçün müraciət ünvanlayıb.