Bakıda güclü partlayış olub, ölənlər var - video

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı altıya çatıb.

14:54

Yanvarın 15-də paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub. Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.

Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.

Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir. 

İlkin araşdırmalar zamanı dağıntılar altından 3 nəfərin meyiti aşkar olunub.

Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir.

Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.

Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

14:54

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş yanğın-partlayış hadisəsinin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Xilasedicilər tərəfindən dağıntı altından üç nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib, sexdə olan və yaxınlıqdakı vətəndaşların təxliyəsi həyata keçirilib.

Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş itləri cəlb olunmaqla axtarış-xilasetmə əməliyyatı davam etdirilir. 

14:39

Bakıda sexdəki partlayış-yanğında 24 nəfər xəsarət alıb.

Bu barədə Buta.media-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki. Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 19 təcili yardım briqadası hadisə yerinə cəlb olunub.

Xəsarət alanlardan 1 nəfərə yerində ilk tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.

Baş verən yanğın hadisəsində xəsarət alan 10 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Xəstələr müştərək politravma, bədənin çoxsaylı yanıqları və sınıqları diaqnozları ilə xəstəxanaya yerləşdirilib.

14 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.

Hazırda xəsarət alanların hər birinə zəruri tibbi xidmətin göstərilməsi davam etdirilir.

12:59

Bakıda sexdə partlayış-yanğın nəticəsində iki nəfər ölüb.

APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, xeyli sayda xəsarət alan olduğu bildirilir.

12:59

Bakıda sexdə partlayış nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verir.

12:13

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.

Bu barədə TƏBİB-dən bildirilib.

15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.

12:13

Bakı şəhərinin Binəqədi rayonu ərazisində yanğın başlayıb. Əraziyə yanğınsöndürənlər cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub: 

“Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ