Bakının ən böyük rayonlarından olan Xətai rayonu 6 aya yaxındır rəhbərsiz qalıb.
Buta.media xəbər verir ki, uzun illər bu rayona rəhbərlik etmiş Razim Məmmədov 2018-ci ilin 13 dekabr tarixində ölkə prezidentinin sərəncamı ilə vəzifəsindən azad edilib. Bu vaxta qədər də o posta təyinat olmayıb. Prosesin bu qədər uzanması haqda ictimaiyyətə heç bir məlumat verilmir.
Bəzi iddialara görə, olduqca əhəmiyyətli olan Xətai rayonuna başçı axtarışları başa çatmayıb. Çox güman ki, dövlət rəhbərliyi bu cür strateji əhəmiyyətli rayona korrupsiya çirkabına bulaşmamış, adı rüşvətdə, başqa çirkin işlərdə hallanmamış kadr təyin etməyi planlaşdırır. Son dövrlər icra başçıları təyinatında əsas götürülən xətt məhz budur: təmiz reputasiyalı, gənc, intellektual, xarici dil bilən, müasir texnologiyalardan istifadə etməyi bacaran kadrlara etimad göstərilir.
Xətai rayonundan narazılıq çoxdu. Təkcə bir faktı deyək: yaşıllıqların məhvi məsələsi uzun illərdi aradan qaldırılmır. İcra başçısı vəzifədən getsə də yaşıllıqlara qənim kəsilən dəstə hələ də iş başındadı. Bu ayın əvvəllərində rayonun Məhəmməd Hadi küçəsində baş verən “yaşıl soyqırım” buna bariz nümunədir. Ənənə necə qoyulubsa, təəssüf ki, onu dayandırmaq hələ də mümkün deyil.
Musavat.com-un əldə etdiyi məlumata görə, məhz bu cür işlər, vəzifədə olduqları dövrdə yol verdikləri nöqsanlar səbəbi ilə Xətai RİH-nin bir neçə vəzifəli şəxsinin fəaliyyəti hələ də təftiş edilir. Bildirilir ki, onların barəsində açılmış cinayət işi, başladılmış istintaq dayandırılmayıb.