Hacıbala Abutalıbovun oğlu İstanbulu qarışdırdı - foto

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov İstanbulda tarixi binaya qanunsuz müdaxilə edib.

APA xəbər verir ki, belə bir iddia ilə Türkiyənin Artigercek.com saytı çıxış edib.

Bildirilib ki, İsrafil Abutalıbov İstanbulun Fatih bölgəsində yerləşən tarixi binanın üstündə yeni mərtəbə inşa edib.

Nəşrin məlumatına görə, həmin bölgədə bir çox mülkə sahib olan İsrafil Abutalıbov bərpa adı altında binanın xarici görünüşünə xələl gətirib. Məsələ ilə bağlı şikayət edilsə də, binada inşaat işləri davam etdirilib.

İstanbul Böyük Şəhər Bələdiyyəsinə, Fatih Bələdiyyəsinə, eyni zamanda, digər aidiyyəti qurumlara edilən şikayətlərdən sonra binada lazımi yoxlamalar aparılıb və qanunsuz əlavələrin olduğu müəyyən edilib.

Qeyd edilib ki, lakin heç bir söküntü aparılmayıb, prokurorluğa müraciət isə nəticəsiz qalıb.

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, şikayətçi olan şəxs İ. Abutalıbovun qonşusu İlyas Bayezitdir. İ. Abutalıbov da öz növbəsində prokurorluğa ərizə ilə müraciət edərək qonşusundan şikayətçi olub. Bildirib ki, həmin şəxs onu hədələyərək külli miqdarda pul almaq istəyir. “Mənə pul verməsəniz, sizi daha çox şikayət edəcəyəm”, - bu sözləri həmin şəxsin Abutalıbova dediyi iddia olunur. Xəbərdə qeyd olunur ki, İ. Abutalıbov vətəndaşlıq aldıqdan sonra Türkiyədə hotellər tikməyə başlayıb. O, İstanbulun Fatih bölgəsində bir çox daşınmaz mülklər əldə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ