Naxçıvanda müəllimlər vahid formaya keçir? - Açıqlama

Son günlər müxtəlif sosial şəbəkə ünvanlarında və media saytlarında Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrinin pedaqoji heyətinin vahid uniformaya keçməsi tələbi ilə bağlı yayılan məlumatlar yer alıb.

İctimaiyyəti narahat etdiyini nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən məsələyə rəsmi münasibət bildirilib.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan pedaqoji heyətin vahid uniformaya keçməsi barədə hər hansı qərar və ya tapşırıq verilməsi ilə bağlı yayılan məlumat dezinformasiyadır və həqiqəti əks etdirmir:

“Bildiririk ki, müəllimlərin etik davranış prinsipləri və tələbləri, geyim qaydaları, cəmiyyətdə özünüifadə formaları, loyallıq, təhsil prosesi iştirakçılarının qarşılıqlı münasibətləri və s. kimi tələb və gözləntilər Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”  ilə tənzimlənir. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən qərar və tapşırıqlar qanunvericilikdə öz əsasını tapan normativlərə uyğun verilir.", - məlumatda deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ