Nazirlikdən qızılca ilə bağlı daha bir - Çağırış

“Yaranmış epidemioloji vəziyyətin təhlili göstərir ki, azyaşlı uşaqlarla yanaşı, həmçinin 10 yaşından yuxarı uşaqlar və böyüklər arasında da qızılcaya yoluxma halları baş verir”.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, yoluxanların, hamısı qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən şəxslərdir.

“İnfeksiyanın yerli yayılmasının, xəstəlikdən ağırlaşma və ölüm hallarının qarşısının alınması üçün 10 yaşa qədər uşaqların ölkədə qüvvədə olan Profilaktik peyvəndlər təqviminə əsasən vaksinasiyası ilə yanaşı, qızılcaya həssas 11-40 yaşlı əhali qruplarının da peyvənd olunmasının vacibliyini nəzərə alaraq, Səhiyyə Nazirliyi vaksin preparatlarının alınıb ölkəyə gətirilməsini təşkil edib.

Yüksək yoluxuculuq qabiliyyətinə malik qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edir və qeyd olunan həssas əhali qruplarını qızılca infeksiyasına qarşı peyvənd olunmağa çağırır.

Vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər”, - rəsmi məlumatda vurğulanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ