Bakı metrosunda xuliqanlıq edən şəxslər həbs edildilər

Bir neçə gün əvvəl Bakı Metropoliteninin “28 May” stansiyasında xuliqanlıq əməli törətmiş iki nəfər həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, barələrində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilən şəxslər Nəsimi Rayon Məhkəməsinə aparılıblar.

Məhkəmənin qərarı ilə Masallı rayon Türkoba kənd sakini, 2002-ci il təvəllüdlü Azər Salahova (soyad şərtidir) 10 sutka, onun həmkəndlisi 2000-ci il təvəllüdlü Xanəli Məmmədova isə 15 sutka həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, dostlar paytaxtın Yasamal rayonu ərazisindəki restoranlardan birində yeyib-içiblər. Sərxoş vəziyyətdə metronun “20 Yanvar” stansiyasına daxil olan hər iki şəxs digər dostları ilə birgə “Həzi Aslanov” stansiyasına getmək istəyiblər.

Lakin onlar qatarda sərxoş halda səs-küy salmağa, insanları narahat etməyə başlayıblar. Qatarda olan mülki geyimli polis əməkdaşı onları “28 May” stansiyasında qatardan düşürüb və bu zaman dava-dalaş baş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ