Bakıda çəkiləcək yeni strateji yolun hansı faydaları olacaq?

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında paytaxtın şimal-qərb hissəsində 2-ci strateji giriş-çıxış yolunun yaradılması əks olunub.

“Qafqazinfo” xəbər verir ki, Bakı-Sumqayıt yolunun yükünü əsaslı şəkildə azaldılmasına hədəflənmiş yeni yol paytaxtın şimal və şərq hissəsindən Sumqayıt, Xırdalan, Yasamal və Lökbatan dairəsi istiqamətində və əksinə hərəkəti asanlaşdıracaq, eləcə də mərkəzdəki sıxlığı xeyli azaldacaq.

Belə ki, Bakı-Sumqayıt şosesində, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyat sıxlığının qarşısının alınması, Xırdalan şəhərinin alternativ giriş-çıxış yolunun yaradılması məqsədilə tikiləcək yol M-1 (Bakı-Quba) və M-4 (Bakı-Şamaxı) avtomobil yollarını kəsərək Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində xarici dairəvi yolla birləşəcək.

Lökbatan-Xocasən həlqəvi yolu ilə Sabunçu yol qovşağını birləşdirəcək yol Suraxanı rayonu ərazisindən – Bülbülə gölü istiqamətindən davam edərək Zığ şosesi ilə birləşəcək.

Mütəxəssislər bildirirlər ki, yeni yolun çəkilməsi bəzi hissələrdə mövcud yolların genişləndirilməsi və yenidən layihələndirilməsi hesabına mümkün olacaq. Belə ki, Binəqədi rayonu ərazisində və Sabunçu rayonu Balaxanı qəsəbəsi (Böyükşor gölünün şimal hissəsi) ərazisində bir sıra yolları optimal şəkildə əlaqələndirmək və layihələndirməklə paytaxtın nəqliyyat infrastrukturuna daha faydalı etmək mümkündür.

Bununla yanaşı, Prezidentin 2023-cü ildə imzaladığı sərəncamla Böyükşor-Pirşağı avtomobil yolunun tikintisinə maliyyə ayrılıb. 2024-cü ildə tikintisinə başlanması planlaşdırılan bu yol Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında paytaxtın şimal-qərb hissəsində 2-ci strateji giriş-çıxış yolu ilə kəsişəcək və paytaxtın nəqliyyat yükünün bölünməsinə, mərkəzdəki yükün müəyyən qədər azalmasına xidmət edəcək.

Qeyd edək ki, 12,7 km uzunluqda, 6 hərəkət zolaqlı olacaq Böyükşor-Pirşağı yolu Bakının şimal hissəsində nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq. Bu yolun çəkilməsi Sabunçu dairəsindən Zabrat-Kürdəxanı-Pirşağı istiqamətinə, eləcə də Maştağa-Buzovna-Bilgəh istiqamətinə avtomobillərin daha rahat və sürətli hərəkətini təmin edəcək. Beləliklə, şəhər şosesi adı ilə tanınan Zabrat-Sabunçu yolunun yükü xeyli azalmış olacaq.

Bundan əlavə, yeni çəkiləcək yol Pirşağı qəsəbəsindən Sumqayıta çəkilmiş dairəvi yolla da birləşəcək ki, bu da Bakının mərkəzindən Sumqayıta alternativ yolun cəlbediciliyini xeyli artıracaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ