Bakıda güclü yağıntılar zamanı problemlərin yaranmasının səbəbləri məlum olub

Bakıda mövcud infrastrukturun güclü yağıntılar zamanı subasmaların qarşısını almağa imkan verməməsinin səbəbləri açıqlanıb.

Bu, Bakı şəhərinin Baş Planında əksini tapıb.

Baş Planda qeyd edilib ki, Abşeron yarımadasında yağış suları üçün kanalizasiya sistemi çox kiçik ərazidə təmin edilib. Bakı şəhərinin mərkəzi hissəsində yağış suları qismən magistral drenaj şəbəkəsinə axıdılır. Məişət kanalizasiyasından ayrı yağış kanalizasiyası quraşdırılsa da, yağış suları tullantı suları ilə qarışır. Şəhər daxilində mövcud şəbəkənin əhatə dairəsi dəyişir. Şəhərin bir çox yerində magistral yağış kanalizasiya xətləri yoxdur. Mövcud infrastruktur güclü yağıntılar zamanı subasmaların qarşısını almağa imkan vermir. Bu aşağıdakı səbəblərlə əlaqədardır:

► mövcud boruların suburaxma gücündən tam istifadə etməyə imkan verəcək sistemlər mövcud deyil. Yağış sularının yağış kanalizasiyasına axıdılması üçün sututucu qurğuların sayı kifayət qədər deyil;

► yağış suları kanalizasiyaya axıdılmır, çünki binaların damında yığılan suyu toplayan novçalardakı yağış suyu birbaşa yollara axıdılır;

► Bakı şəhərinin topoqrafik quruluşuna görə yağış suları nisbətən aşağı ərazilərə toplanaraq gölməçələrin əmələ gəlməsinə səbəb olur;

► mövcud sistemin gücü yerüstü axınların və böyük miqdarda yağış sularının səmərəli şəkildə axıdılması üçün kifayət etmir (sistem tam gücü ilə işləsə belə);

► bundan əlavə, güclü yağış hadisələri zamanı böyük miqdarda yağış sularının saxlanmasına imkan verəcək sistem yoxdur və ya gücü çox məhduddur.

Su təchizatı və kanalizasiya sistemindən fərqli olaraq, “Azərsu” ASC-nin yağış sularının idarə olunması ilə əlaqədar hansı vəzifələri daşıdığı aydın deyil. Əsas və kombinə edilmiş yağış suları infrastrukturu “Azərsu” ASC-yə məxsus olduğu və cəmiyyət tərəfindən idarə edildiyi halda, ikinci və üçüncü dərəcəli yağış sistemləri və onların əsas sistemə qoşulmaları cəmiyyətin səlahiyyətləri sırasına daxil deyil. Su təchizatı infrastrukturu ilə yanaşı, “Azərsu” ASC tərəfindən həmçinin məişət və yağış kanalizasiya şəbəkələrinin təkmilləşdirilməsi planlarının hazırlanmasına da böyük sərmayələr qoyulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ