20 nömrəli məktəb-liseyin müəllimi şagirdinə psixoloji zorakılıq etməkdə ittiham edilir.
Buta.media minval.info-ya istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən valideyn özünün və övladının başına gələn hadisədən şok keçirdiyini dilə gətirib.
Belə ki, hər şey təhsil ocağında ibtidai sinif şagirdlərinə dərs keçən müəllimə alınan hədiyyədən sonra yaşanıb.
“Mənim qızım 3-cü sinif şagirdidir. Şəhərin mərkəzində yenicə təmirdən çıxmış üstü bəzək məktəblərin birində, daha dəqiq desəm 20 nömrəli məktəbdə təhsil alır. Bir çox valideynlər kimi mən də, hər bayramda kiçik-böyük, fikirləşmədən imkanımın daxilində onun sinif rəhbərinə hədiyyə verirəm.
Müəllimlər Günündə, Yeni ildə və 8 Martda… Bu dəfə evdə körpə iki övladım olduğundan yoldaşımdan xahiş etdim ki, sinif rəhbəri üçün ailə büdcəmizə uyğun məbləğdə hədiyyə alsın. O, suvenir qab, şokolad qutusu və məktub konvertinin içərisinə 20 azn pul qoyaraq bayram təbriki üçün Şəhla Məmmədovaya təqdim edib”.
Valideynin sözlərinə görə, müəllim hədiyyəni bəyənmədiyindən ona zəng vuraraq qəribnə tərzdə narazılığını bildirib:
“İstehza dolu bir səslə: “O göndərdiyiniz qutu açılmış olub və içərisində 2-3 ədəd şokolad vardı. Mən bunu heç xadiməmə də vermərəm…” – dedi. Çox pərt oldum, duruxub qaldım.
Müəllimdən üzr istədim. O isə bunun qarşılığında bildirdi ki, “göndərdiyin o qabı da sinifdə uşaqlara verdim, xonça düzəldəcəklər”. Hər zaman bahalı hədiyyə verirdik, baxmayaraq ki, maddi durumumuzda çətinlik var, amma indi də haradasa 50 AZN civarında bir bayram payı etmişdik”.
Şikayətçi deyir ki, müəllim həmçinin övladına psixoloji təsirə göstərib və sinif yoldaşları arasında gülüş obyektinə çevrilməsinə səbəb olub:
“Qızım söyləyir ki, sinifə o qabı göstərib, “filankəsin aldığı qabda xonça düzəldərik” deyib. Uşaqlar da övladıma baxaraq gülüblər. Burada gülməli nə var? Qızıma da psixoloji təsir olub. Həyatımın şoklarından biri oldu”.
Məsələ ilə bağlı adıçəkilən məktəblə əlaqə saxlanılsa da, cavab verilməyib.