Bakıda daha bir süpürgəçi qadını maşın vurub öldürdü

Bakıda növbəti dəfə süpürgəçi qadın avtomobillə vurularaq öldürülüb. Hadisə Sabunçu rayonu ərazisində, “Koroğlu” metro stansiyasının yaxınlığında baş verib.  

Buta.media-nın məlumatına görə, Virtualaz.org xəbər verir ki, hadisə barədə sosial şəbəkələrdə foto yayılıb.

Həlak olan qadın həmin ərazidə təmizlik işləri aparan 74 yaşlı Hürü Namaz qızı Aslanovadır.  Onun "Volskwagen Polo" markalı avtomobillə vurulduğu bildirlir, avtomobili idarə edən də qadın olub.

Faktı Sabunçu Rayon Polis İdarəsindən təsdiqləyiblər. Lakin hadisəni araşdıran müstəntiqlə əlaqə saxlamaq cəhdlərimiz nəticə verməyib.

Qeyd edək ki, bu yolda təmizlik işləri aparan süpürgəçi qadınların faciəli ölümü ilə bağlı ilk hadisə deyil. Dəfələrlə yüksək sürət həddi müəyyən edilmiş yollarda təmizlik işçilərinin avtomobillə vurulması halları baş verib. Belə halların qarşısının alınması məqsədilə ötən il paytaxt rəhbərliyi Bakı küçələrinin təmizlənməsi üçün xüsusi texnikanın alacağını açıqlamışdı. Hətta DYP əməkdaşları yolları süpürən qadınlara xüsusi işıqqaytarıcı zolaqları olan jiletlər də paylamışdı. Lakin hələ də küçə təmizləyən texnikadan xəbər yoxdur, küçələr yaşlı qadınlar tərəfindən təmizlənir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ