“Dayı”-nın “Galenwagen”indən Bakıda yarım kilo narkotik çıxdı - FOTO

Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Bayram Novruzov saxlanılıb. 

Buta.media-nın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, B.Novruzovun üzərində şəxsi axtarış aparılan zaman 5,972 qram marixuana aşkar edilərək götürülüb.

Onun yaşadığı evə baxış zamanı əlavə olaraq 1 kiloqram 155 qram heroin, satış üçün hazır qablaşdırılan 29 kiloqram 630 qram marixuana, 2 kiloqram 550 qram çətənə toxumu, iki ədəd elektron tərəzi, həmçinin, yarımtikilidə kultivasiya yolu ilə xüsusi qablarda yetişdirilən 4031 ədəd çətənə kolu, habelə idarə etdiyi “Hyundai” markalı avtomobildən 535 qram marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qohumu Kamilin vasitəçiliyi ilə əkdiyini və qurudandan sonra onun köməyi ilə satışını təşkil etdiyini bildirib.

İdarə əməkdaşları tərəfindən həmin şəxs, əvvəllər məhkum olunmuş paytaxt sakini Kamil Novruzov da saxlanılıb. Onun idarə etdiyi “Mersedes G Klass” markalı avtomobilə baxış zamanı 515 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.

Araşdırmalarla K.Novruzovun bacısı oğluna əkmək üçün narkotik tərkibli çətənə toxumları verdiyi müəyyən edilib. İstintaq zamanı K.Novruzovun paytaxt və eləcə də, respublikanın digər bölgələrində “Dayı” adı ilə narkotik maddələrin satışını həyata keçirdiyi məlum olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ