Məktəbdə yayılan video ilə bağlı - Açıqlama

Mingəçevir şəhərindəki 20 nömrəli məktəbdə istiliyin olmaması ilə bağlı sosial şəbəklərdə videogörüntülər yayılıb. 

Sinif otağından videonu lentə alan müəllim bu problemin illərdir davam etdiyini qeyd edib. Hətta, şagirdlərin bir neçəsinin soyuq sinfə gəlməkdən imtina etdiyini də əlavə edib.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Mingəçevir şəhər 20 nömrəli tam orta məktəbdə cari ilin payız-qış mövsümü başlamazdan öncə istilik sisteminə baxış keçirilib, qazanxanada baş vermiş texniki problemlər aradan qaldırılaraq mövsümə hazırlıq işləri aparılıb. Ötən günlərdə qəflətən sözügedən məktəbdə yeraltı su xəttində sızmaların baş verməsi, daha sonra elektrik sistemində transformatorun sıradan çıxması səbəbindən istilik sisteminin verilməsində müvəqqəti problem yaranıb.

“Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin yerli bölməsinin əməkdaşları tərəfindən dərhal məktəbə baxış keçirilib, adekvat tədbirlər görülərək mövcud problem aradan qaldırılıb və müəssisənin istilik sistemi bərpa olunub. Qeyd edək ki, Mingəçevir şəhər 20 nömrəli tam orta məktəbdə həftənin birinci günündən etibarən istiliyin tam şəkildə təmin olunması həyata keçirilib”.

Təhsil İdarəsindən o da bildirilib ki, Mingəçevir şəhər 20 nömrəli tam orta məktəb ötən tədris ilində “dizel” yanacağı ilə qızdırılıb, cari tədris ilindən etibarən isə fərdi qazanxanası olmaqla, müəssisə qaz istilik növü ilə qızdırılır.

Qeyd olunub ki, sözügedən ərazidəki təhsil müəssisələrində istilik sistemi və mövcud nasazlıqlarla bağlı problem olduğu halda, vətəndaşlar Mərkəzi Aran Regional Təhsil İdarəsinin Çağrı Mərkəzi ilə (“146-0-3”) əlaqə saxlaya bilərlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ