“Əvvəlcədən xəbər verildiyi kimi, şimal-qərbdən hərəkət edən soyuq hava küləklərinin təsiri nəticəsində dekabrın 23-ü günün ikinci yarısından ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü qərb küləyi əsib”.
Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, küləyin maksimal sürəti Tərtər, Naftalanda 32 m/s, Bərdə, Gəncə, Daşkəsəndə 30 m/s, Ağdam, Yardımlı, Tovuzda 28 m/s, Mingəçevirdə 26 m/s, əksər rayonlarda 25 m/s, Bakıda və Abşeron yarımadasında isə 24 m/s-dək güclənib.
Ətraflı
“Güclü külək nəticəsində bəzi rayonlarda, o cümlədən, Gəncə, Tərtər, Bərdə, Qubada fəsadlar yaranıb. Ayrı-ayrı yerlərdə isə yağış yağıb. Dağlıq rayonlara yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Gədəbəydə 8 sm, Göygöl, Daşkəsən, Ordubadda 3 sm olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit küləkli və yağıntılı hava şəraiti dekabrın 25-i gündüzədək davam edəcək.
Güclü külək zamanı yüngül konstruksiyalı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında dayanmamaq tövsiyə olunur”, - Gülşad Məmmədova əlavə edib.