“Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edilib. Dəyişikliyə əsasən, avtomobillər texniki baxışdan keçirilərkən sürücülərdən dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır və texniki baxışa görə rüsumla yanaşı utilizasiya haqqı da ödənilməlidir.
Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, gələn ilin fevralın 1-dən qüvvəyə minəcək qərara görə utilizasiya haqqının məbləği hələlik məlum deyil: “Bu ilin iyun ayında “İstehsalat və Məişət Tullantıları haqqında” Qanuna dəyişikliklər edildi və qanunun adı da dəyişdirilərək “Tullantılar haqqında” qanun oldu. Həmin dəyişikliklərdən biri nəqliyyat vasitələrinin utilizasiya ilə bağlı məsələləri nəzərdə tuturdu. Orada göstərilib ki, ölkəyə gətirilən və ölkədə istismarda olan yaşı 4 ildən yuxarı minik avtomobillərinə görə onların sahibləri tərəfindən utilizasiya haqqı ödənilməlidir. Həmin utilizasiya haqqı Utilizasiya Fonduna ödənilməlidir. Utilizasiya Fondu da Prezidentin müvafiq fərmanı ilə yaradılmalıdır”.
Ə.Hüseynov bildirib ki, hələlik həmin fond yaradılmayıb: “Utilizasiya Fondunun təyinatı orada avtomobil sahiblərinin ödədiyi haqları hesablamaq, eyni zamanda digər mənbələr hesabına ölkədə həyata keçiriləcək nəqliyyat vasitələrinin utilizasiya prosesini maliyyələşdirməkdir. Avtomobilinin yaşı 4 ildən yuxarı olanlardan tutulan haqqlar həmin fondda cəmləşəcək. Həmçinin qeyd edim ki, utilizasiya haqqını yalnız minik avtomobili sahibləri ödəməlidirlər. Əgər yaşı 4 ildən artıq olan avtomobil Azərbaycana birinci dəfə gətirilərsə, gömrük prosedurları zamanı utilizasiya haqqı ödənilməlidir. Yəni bu işə gömrük orqanları nəzarət etməlidirlər. Ölkədə artıq istismarda olan avtomobillər üçün isə bu qaydaların qüvvəyə minməsi ilə, hər il texniki baxış zamanı utilizasiya haqqı ödənilməlidir”.
Ekspert əlavə edib ki, utilizasiya haqqının məbləğini Nazirlər Kabineti müəyyən etməlidir: “Hələlik Utilizasiya Fondu yaradılmayıb və buna görə sürücülərdən tutulacaq rüsumun məbləği də müəyyən edilməyib. Bununla bağlı Prezidentin fərmanı və Nazirlər Kabinetinin müvafiq qərarı yoxdur. Bütün bu dəyişikliklər isə fevralın 1-dən, təxminən 40 gün sonra qüvvəyə minməlidir. Yəqin ki, yaxın günlərdə həmin fond yaradılacaq və məbləğlər də müəyyənləşəcək. Daxili İşlər Nazirliyinin təlimatda etdiyi dəyişikliyə gəlincə, bu, sırf texniki xarakter daşıyır. Sadəcə qanunda qəbul edilib ki, yaşı 4 ildən artıq olan nəqliyyat vasitələri texniki baxışdan keçirilərkən avtomobil sahiblərindən utilizasiya haqqı alınmalıdır. Vətəndaş o məbləği dövlət büdcəsinə bank vasitəsilə ödəyəcək”.
Əldə etdiyimiz məlumata görə, Nazirlər Kabineti avtomobillərin utilizasiyasına görə rüsumu müəyyən edərkən nəqliyyat vasitələrinin yaşını nəzərə alacaq. Yəni avtomobilin istehsal ili nə qədər çoxdursa, utilizasiya hqqı da o qədər yüksək olacaq.