Xankəndidə tarixi gün - fotolent

Bu gün xalqımız tarixi hadisəyə şahidlik edib. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılaşmanı şəhid övladları ilə birgə izləyiblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dövlətimizin başçısı oyundan əvvəl stadionda çıxış edib. Sonra Ulu Öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olunub.

Stadiona daxil olan dövlətimizin başçısı futbolçularla və oyunu idarə edən hakimlərlə görüşdü, onlarla xatirə şəkli çəkdirib.

Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra “Qarabağ”–MOİK görüşü başlayıb.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüş “Qarabağ” komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ”ın futbolçusu Nəriman Axundzadənin matçın əsas hissəsinə əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində vurduğu qol oyunun taleyini həll edib. Bununla da N.Axundzadə işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra keçirilən ilk futbol matçında fərqlənən hücumçu kimi tarixə düşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ