TƏBİB rəhbərindən qızılca ilə bağlı çağırış

“Ölkədə qızılca ilə bağlı vəziyyət stabildir. Vətəndaşların tibb müəssisələrinə müraciətləri qeydə alınır. Bizim çağırışımız budur ki, valideynlər övladlarında qızılcanın hansısa simptomunu aşkar edərlərsə, birbaşa tibb müəssisələrinə müraciət etsinlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib. 

O qeyd edib ki, tibb müəssisələrimiz, həkimlərimiz, səhiyyə işçilərimiz buna hazırdır. Ehtiyac olarsa, onlar stasionar müalicəyə cəlb olunacaqlar: “Bunun üçün şərait də var. Dərman təminatı ən üst səviyyədədir. Çarpayı fondumuz kifayət qədərdir. Xəstəxanalarda heç bir sıxıntı yoxdur. Vətəndaşlar övladlarında yaranmış hər hansı bir simptomun aradan qaldırılması, xəstəliyin müalicəsi ilə bağlı çox rahatlıqla həm sahə həkimlərinə, həm infeksion bölmələrə, həm də xəstəxanalara müraciət edib tibbi xidmətlər əldə edə bilərlər”.

V.Qurbanov əlavə edib ki, sahə həkimləri öz ərazilərində həm xəstələrin vəziyyətini, həm də onların ailə vəziyyətini dəyərləndirirlər: “Bu gün bizim aşkar etdiyimiz odur ki, vətəndaşlar evdə müalicəyə üstünlük verirlər. Biz bunun tərəfdarı deyilik. Bununla bağlı tibb müəssisələrinə xüsusi təlimatlar göndərilib. Sahə həkimləri öz ərazilərində həm xəstələrin vəziyyətini, həm də onların ailə vəziyyətini dəyərləndirirlər. Hansı xəstənin stasionar müalicəyə ehtiyacı varsa, xəstəxanaya yerləşdirilir, hansı xəstənin evdə müşahidəyə ehtiyacı varsa, evdə müşahidə altında saxlanılır. Bu iş keyfiyyətli şəkildə davam etdirilir. Çağırışımız ondan ibarətdir ki, övladında hər hansı simptom müşahidə edilən valideynlər dərhal tibb müəssisələrinə müraciət etsinlər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ