Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşüblər.
Trend agentliyi nəqliyyat vasitəsinin qəzadan sonrakı görüntülərini əldə edib.
Xatırladaq ki, qəza nəticəsində 6 nəfər - 1984-cü il təvəllüdlü Abdullayev Sənan Məstəli oğlu, 1974-cü il təvəllüdlü Səmədov Elxan Zakir oğlu, 1982-ci il təvəllüdlü Qafarlı Rasim Məmmədrəsul oğlu, 1981-ci il təvəllüdlü Şahgəldiyev Aslan Yadigar oğlu, 1990-cı il təvəllüdlü Abbasov Elgiz Rafiq oğlu, 1981-ci il təvəllüdlü Hacıməhərrəmov Zaur Tahir oğlu xəsarət alıblar.
Bildiriir ki, qəzaya düşənlər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olublar. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev vitse-prezidentidir.
İlkin məlumata görə, onlar dekabrın 21-də nəzərdə tutulan “Qarabağ” – MOİK matçı üçün Xankəndiyə gedirmişlər.
TƏBİB-dən bildirilib ki, xəsarət alan 6 nəfər (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir.
Daha sonra xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.