Ağaclar aşdı, yollar bağlandı, işıqlar söndü - Şimal bölgəsində şiddətli qasırğa

Azərbaycanın şimal rayonlarında dünən günün ikinci yarısından başlayan və saatlarla davam edən şiddətli külək ciddi fəsadlara səbəb olub.

Buta.media xəbər verir ki, şiddətli külək iri gövdəli ağacları aşırıb, aşan ağacların bir çoxu avtomobillərin üstünə düşüb. Bir sıra binaların, o cümlədən məktəblərin dam örtükləri uçub.

Quba-Xaçmaz yolunda ağacların budaqları yolun bəzi hissələrinə tökülüb. Dövlət Yol Polisi və müvafiq idarələr yolun təmizlənməsi işləri ilə məşğuldur. Quba şəhər 1 saylı orta məktəbin divarının üstünə irigövdəli ağac aşıb.

Qusar rayonunda isə məktəbin damını külək yerə atıb. Rayonun Zərdabi qəsəbəsində ağac evin üstünə aşaraq xeyli ziyan vurub. Hər iki rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib. Rayonlara verilən elektrik enerjisində fasilələr yaranıb.

Qusarda külək, qaz xətləri, işıq dirəkləri və çoxlu sayda ağaclar yola aşıb. Qusar yolu bağlanıb. Qusarın mərkızi küçələrində olan iri gövdəli ağaclar yıxılıb.Eyni zamanda Qusar Xudat yolu bağlanıb, hazırda hadisə yerində texnika işləyir.

Güclü külək Qusar rayonunda daha çox elektrik və rabitə təsərrüfatına ziyan vurub.

Bunu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və rayon Fövqəladə Hallar Komissiyasının sədri Şaiq Fərəməzov deyib. (“Report”)


Ş.Fərəməzov bildirib ki, şiddətli külək rayon mərkəzi ilə bərabər bir çox kəndlərdə bəzi yaşayış evlərinin, sosial obyektlərin, tövlə və yardımçı tikililərin dam örtüklərini dağıdıb.

Onun sözlərinə görə, güclü küləyin təsirindən rayonda irigövdəli ağaclar minik avtomobillərinin üzərinə aşıb. Yollarda avtomobilərin hərəkətində çətinlik yaranıb. İlkin mərhələdə müvafiq idarələr tərəfindən qırılan ağaclar yollardan təmizlənib, maşınların hərəkəti bərpa edilib.

"Həmiçinin tə xətlərin bərpası işi ilə məşğuldu biət hadisəsi nəticəsində elektrik dirəkləri aşıb, naqillər qırılıb, Qusarın şəhər mərkəzi ilə bərabər kəndlərinin 70 faizə yaxın hissəsində elektrik enerjisinin nəqli dayanıb. Bundan əlavə, küləyin təsiri nəticəsində ağaclar aşıb, qaz xətti qırılıb, bəzi kəndlərə mavi yanacağın verilməsi dayanıb. "Azəriqaz " İstehsalat Birliyinin əməkdaşları hazırda təmir işləri aparır", - deyə Ş.Fərəməzov bildirib.

İcra nümayəndəsi küləyin əkin sahələrinə və meyvə bağlarına da böyük ziyan vurduğunu qeyd edib: "Güclü külək şəhər 2 saylı və Yasab kənd orta məktəblərinin dam örtüyünü dağıdıb. İlkin məlumata görə, külək 20-dən çox evin dam örtüyünü uçurub. Hazırda "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən yaşayış məntəqələrində təmir bərpa işləri aparılır. Həmçinin Qusar rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri kəndlərdə təbii fəlakətdən ziyan çəkən insanlarla görüşür, onların müraciətinə baxır. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb".

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə virtualaz.org-a bildirib ki, sinoptiklərin Şimal bölgəsində şiddətli küləyin əsəcəyi barədə proqnozunu nəzərə alaraq elektrik enerjisi təsərrüfatına dəyə biləcək ziyanın aradan qaldırılması, qəzaların nəticələrinin mümkün qədər qısa müddət ərzində ləğv edilməsi üçün əvvəlcədən bütün mümkün ehtiyat tədbirləri görülmüşdü. 

“Bölgəyə qonşu rayonlardan və Bakıdan əlavə briqadalar göndərilib. Zəruri texnika səfərbər olunub. Habelə zəruri mal-material ehtiyatı yaradılıb. Briqadalarımız gecə saatlarından etibarən dayanmadan qasırğanın elektrik təsərrüfatına vurduğu ziyanın nəticələrini aradan qaldırmaq üçün işləyir. Ən çox ziyan Qusar rayonuna dəyib, elektrik xətləri qırılıb, dayaqlar aşıb. Ziyanın miqyası böyük olsa da yaxın 2-3 saatda rayonunun bütün ərazisinə elektrik enerjisinin verilməsi bərpa ediləcək”-T.Mustafayev deyib.

"Azərişıq" ASC-nin mətbuat xidməti rəhbərinin bu gün mayın 26-da səhər saatlarında verdiyi operativ məlumata görə Qubada və Qusarda ən çox ziyan 0.4 kv-luq şəbəkəyə dəyib, 10 kv-luq xətlərin hamısı artıq bərpa edilib. Briqadalar xətlərin üstünə aşan ağacları təmizləyir, zədələnən xətləri bərpa edir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ