Bakıda bir neçə ticarət mərkəzi bağlanıb - video

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakıda yanğın təhlükəli ticarət mərkəzlərinin fəaliyyətini məhdudlaşdırıb.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sunay”, “İsa-N”, “Pərviz” və “Elektron” elm-istehsalat firmasına məxsus ticarət mərkəzlərində keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

► obyektlərdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları tam quraşdırılmayıb;

► obyektlərdə su hovuzu inşa edilməyib və daxili yanğın su kranları, yanğın hidrant qurğuları quraşdırılmayıb;

► obyektlərdə elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

► obyektlərin bəzi sahələrində elektrik xətləri yanar konstruksiyaların üzəri ilə çəkilib;

► elektrik mühərrikləri, idarəetmə aparatları, işəsalma və nizamlama, nəzarət ölçü cihazları, mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri) müvafiq qaydaların tələblərinə uyğun seçilib quraşdırılmayıb, eləcə də artıq yükləmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməyib;

► taxta konstruksiyalı elementlər odadavamlı məhlulla hopdurulmayıb;

► obyektlərdə təxliyənin müvəffəqiyyətlə idarə edilməsi istiqamətində tədbir görülməyib;

► obyektlər ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;

► obyektlərdə yanğın təhlükəsizliyinin təmin edilməsi barədə tədbirlər planı hazırlanmayıb və əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

► ticarət sıralarında piştaxtalar olan cərgələrdə ara məsafələr gözlənilməyib;

► obyektlərdə insanların yanğın hadisəsi haqqında xəbərdar edilməsi üçün xəbərverici qurğular quraşdırılmayıb;

► ticarət sıralarında taxta, karton, lambir və tezalışan çadır tipli materiallardan istifadə edilməklə arakəsmələr quraşdırılıb;

► ticarət mərkəzinin sıraları küçə ticarəti ilə məşğul olanlar tərəfindən tutulduğundan yanğın avtomobillərinin ticarət mərkəzinə yaxınlaşması məhdudlaşdırılıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud şəkildə pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sunay”, “İsa-N”, “Pərviz” və “Elektron” elm-istehsalat firmasına məxsus ticarət mərkəzlərinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı icrası məcburi olan qərar qəbul edilərək cavabdeh şəxslərə təqdim olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ