Bir qalanın sirri: Zəlzələdən sonra üzə çıxan “divarlarla” bağlı açıqlama - video

Qaradağ rayonu ərazisində yerləşən Otman Bozdağ vulkanının yaxınlığında qala divarlarının üzə çıxması ilə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları əraziyə baxış keçirib.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

“Məlum olub ki, aşınma nəticəsində üzə çıxan daşlar tikinti effekti yaradıb. Ərazidə tarixi, arxeoloji əlamət daşıyan hər hansı mədəniyyət nümunəsinin qalıqları müşahidə olunmayıb. Qala divarlarının olduğu iddia edilən yerin təbii aşınma nəticəsində yaranmış daş qatları olduğu müəyyən edilib”, - açıqlamada deyilir.

Xatırladaq ki, sosial mediada dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarlarına oxşar daşların üzə çıxması geniş müzakirəyə səbəb olub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ