Bakıda 15 manata görə bərbəri öldürən şəxsə hökm oxunub - foto

Bakıda bərbərxanada 15 manata görə həmkarını qətlə yetirməkdə təqsirləndirilən İsmət Qədirova hökm oxunub.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, İsmət Qədirov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror ötən prosesdə təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Hadisə 2022-ci il dekabrın 15-i günorta saatlarında paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində, çoxmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən kişi salonlarından birində qeydə alınıb.

Belə ki, salonda bərbər işləyən 28 yaşlı İlkin Qurbanov ağır bıçaq xəsarətləri alıb. Dərhal hadisə yerinə ərazi üzrə 19-cu polis şöbəsinin əməkdaşları gəliblər. Lakin İlkin Qurbanovun öldüyünü görüblər.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkarı və həmyaşıdı İsmət Qədirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İlkin Qurbanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmin şəxslər arasında 15 manata görə mübahisələr olub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ