Son günlər Bakı metrosunda gediş haqqının artacağı ilə bağlı xəbərlər dolaşır.
Məsələnin nə qədər real və həqiqətə uyğun olduğunu dəqiqləşdirmək üçün Moderator.az "Bakı Metropoliteni"QSC ilə əlaqə saxlayıb.
Bakı Metropoliteninin sözçüsü bildirib ki, gediş haqqı tariflərinə baxılması və müvafiq qərarların verilməsi Bakı Metropoliteninin səlahiyyəti xaricində olan məsələdir:
"Bakı Metropoliteninə bununla bağlı müraciət ünvanlanmayıb. Artıq sözügedən məsələyə Tarif Şurası deyil, Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi baxır. Sərəncamda qeyd olunur ki, Maliyyə və İqtisadiyyat Nazirliyinin rəyi əsasında qanun qəbul olunur.
Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 2 sentyabr 2023-cü il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir".