Rus dilində keçirilən tədbir, ayaqüstə qalan qonaqlar - Video

Ötən gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində keçirilən Azərbaycan Moda Həftəsində (“Azerbaijan Fashion Week”) xoşagəlməz anlar yaşanıb. 

"Qafqazinfo" xəbər verir ki, tədbirə dəvət olunan qonaqlardan bəziləri əyləşməyə yer tapmayıblar və bir çoxu narazı şəkildə zalı tərk etməli olub.  

Əsas məqam isə tədbirin rus dilində keçirilməsi olub ki, bu da zalda əyləşən və bu dili bilməyənlərin etirazına səbəb olub. Dövlət dilinin ikinci planda qalması müzakirələrə səbəb olub. 

Bundan başqa, tədbir üçün əvvəlcədən akkredetasiyadan keçmiş media nümayəndələrinə də hörmətsizlik edilib. Əvvəlcə könüllülər onları zala buraxmaq istəməyib, daha sonra isə təşkilatçılar media nümayəndələrini 3-cü və 4-cü sıralarda əyləşdirib. Bir qədər sonra isə həmin sıralara bilet alanlar gələrək jurnalistləri oradan durğuzub. Bu səbəbdən jurnalistlərin bir qismi bunu hörmətsizlik hesab edərək tədbiri tərk edib. Ön sıralarda isə bu sahəyə aidiyyəti olmayan tanınmışlar əyləşdirilib. 

Nazirliyin tədbirə məsul şəxs kimi təyin etdiyi Gülnarə İmanova isə jurnalistlərin haqlı etirazını eşitmək istəməyib, nazirlik əməkdaşlarının onunla əlaqə saxlaya bilməmələri üçün telefonunu söndürüb.  

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Qurumun Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov məsələyə belə münasibət bildirdi: “Yaradıcı Həftə”nin keçirilməsinin məqsədi həm də ekosistem oyunçularına dəstək verməkdir. Bu mənada, il ərzində fəallıq göstərən, yeni fəaliyyətə başlayan eko-sistem nümayəndələri Mədəniyyət Nazirliyinə müraciət edərək yaradıcı həftə çərçivəsində tədbir keçirməyə haqq qazanıb və özləri də tədbirlərini keçiriblər. Ona görə də tədbirin detalları, dil seçimi və s. keçirilməsi məsələsi onların öz daxili qərarlarıdır. Bununla bağlı təşkilatçılara müraciət etməyiniz daha doğru olar". 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ