Ekologiya və Təbii Sərvətlər Nazirliyi Pirşağı gölündə balıqların kütləvi tələfatı ilə bağlı yayılan videoya münasibət bildirib.
Buta.media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktor əvəzi Mehman Axundov ONA-ya deyib ki, Pirşağı gölü durğun göldür: “Yəni, göldəki sular dayanan sulardır. Həmin gölün yaxınlığından Abşeron suvarma kanalı keçir. Pirşağı gölünə böyük həcmdə çirkab suları axıdılır. Həmçinin gölün yaxınlığında yerləşən “2-ci sovxoz” adlanan təsərrüfatdan da ora çirkab suları tökülür”.
Nazirlik rəsmisi bildirib ki, Pirşağı gölündə yay aylarında balıqların tələfatı müşahidə edilir: “Nazirliyin nümayəndələri bu hadisə ilə əlaqədar göldən su nümunələri götürüb. Aparılan araşdırma nəticəsində aydın oldu ki, göldəki suda oksigenin həll olunmuş miqdarı dəfələrlə aşağı düşüb. Həmçinin suyun səviyyəsi də normadan 60-70 sm aşağıdır. Balıqların tələfatı da məhz bunlarla bağlıdır”.
Qeyd edək ki, sözügedən video “Facebook”da “Azərbaycan Balıqçılar İttifaqı” adlı ümumi qrupda paylaşılıb.