Fuad Abbasov həbsinin səbəblərini açıqladı - Ermənilərin arzusu yerinə yetdi

Bu gün miqrantlar üçün xüsusi saxlanma olmağımın əsas səbəbi, yəni, saxlanılmağımın rəsmi səbəbi Rusiyada daimi yaşayış haqqında icazəmin ləğv olunmasına baxmayaraq, ölkəni vaxtında tərk etməməyim, qeyri-qanuni olaraq Rusiyada qalmağımdı. 

Buta.media-nın məlumatına görə, bunu Rusiyada saxlanılan Azərbaycan vətəndaşı, jurnalist və blogger Fuad Abbasov ONA-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, ermənilərin çoxdankı arzusu yerinə yetib:

"Təəssüflər olsun ki, ermənilərin bu arzusunun yerinə yetməsini bəzi həmyerlilərimiz arasında da bayram kimi qeyd edənlər var. Mən burda yaşayan heç bir azərbaycanlını günahlandırmaq istəmirəm. O azərbaycanlılar ki, çıxıb deyirlər, bunu biz eləmişik, yaxşı eləmişik, onları qınayıram. Çünki qərib ölkədə yaşaya-yaşaya bir-birinə qarşı belə hərəkət etməzlər. Bu, heç də yaxşı hal deyil".

Fuad Abbasov həbsindən də danışıb:

"Mayın 16-da, səhər 11:00 radələrində evdən çörək almaq üçün çıxmışdım. Evdən çıxanda binamızın giriş qapısında üç nəfər mülkü geyimdə olan şəxs məni saxladı, heç bir xəbərdarlıq etmədən mənə hücum çəkdilər. Mən onların basqın elədiyini sandım, müqavimət göstərdim, məncə, hər kəsin reaksiyası belə olardı. Onlar üç nəfər, mən isə tək. Onların əlindın çıxıb, özümü bayıra atdım və "polis çağırın” deyib qışqırdım. Onda bir nəfər kostyumda olan şəxs gəldi və polis olduqlarını, məni saxlayanların da onların əməkdaşı olduğunu bildirdi. Həm saxlayanda, həm də polis məntəqəsində mənimlə kobud davrandılar. 

Məni burda məcburi ölkəni tərk etmək üçün saxlayırlar. Belarusdan Rusiyaya gəlməyim haqqında söhbətlər isə fantaziyanın məhsuldur. İttihamda Belarus barədə bir kəlmə də söz yoxdur.

Mənim indi əsas etirazım Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə İdarəsinin əməkdaşlarınadır. Əgər mənim Rusiyada daimi yaşamaq haqqında icazə sənədim ləğv olunmuşdusa, o zaman polis mənə xəbərdarlıq etməli idi. Nə poçt, nə də telefonla heç bir xəbərdarlıq olunmayıb. Birdən-birə gəlib məni evimin qapısından götürüb polisə aparıblar. Bu şikayətimə baxılmasını istəyirəm. Bir də ki, yuxarı instansiya məhkəməsinə "vid na jitelstvo"nun, mənim yenidən Rusiyada yaşamaq hüququmun bərpa olunması üçün müraciət etmişik".

Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb.

Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ